No icon

Mingəçevir Teatrı yeni mövsümə “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran”la gəlir

Mingəçevir Dövlət Dram Teatrı Milli teatr tariximizin 144-cü mövsümünü milli dramaturgiyamızın banisi kimi şöhrət qazanmış M.F.Axundzadənin “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” əsərinin tamaşası ilə başlayır. Tamaşanın sentyabrın 20-də nümayiş etdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, tamaşada milli kolorit, şən yumorla yanaşı, XIX əsrdə hökm sürən xanlıq üsul-idarəsinə sarkazmla işarələr vurulur: vəzir Mirzə Həbib öz vəzifəsini qorumaq üçün baldızı Nisə xanımı xana ərə vermək fikrindədir. Nisə xanım isə xanın qardaşı oğlu Teymur ağanı sevir. İki arvadının, qayınanası Pəri xanımın və baldızı Nisə xanımın kələkləri Mirzə Həbibi gülünc vəziyyətə salır. Tamaşa dənizdə batan xanın yerinə Teymur ağanın xan seçilməsi və sevgilisinə qovuşması ilə bitir. Tamaşanın təlqin etdiyi fikrə görə, baş verən hadisələr yalnız bir cənub şəhərində deyil, xanlıq üsul-idarəsi olan dünyanın hər bir ölkəsində, hər bir dövrdə baş verə bilər.

Teatr eyni zamanda çağdaş dramaturgiya nümunələrinə də müraciət edir. Hazırda yazıçı-dramaturq Camal Yusifzadənin qələmə aldığı “Səhər qatarı ” pyesi üzərində məşqlər davam edir. Tamaşanın quruluşçu rejissoru Xəzər Gəncəli, səhnə tərtibatı Rafael Həşimov, rejissor köməkçisi Xəyalə Qəmbərovadır. Əsas rollarda Paşa Salmanov, Ramil Ağayev, Aydın Quliyev, Aytən Allahverdiyeva, Nargilə Abdullayeva, Firuz Hacıyev, Hüseyn Mustafayev, Asim Məmmədov və başqaları çıxış edirlər. Bu tamaşanın oktyabrın ikinci yarısında nümayışi planlaşdırılıb.

Esmira Hidayətova, Mingəçevir. / alpaninfo.com