No icon

Yaşar Nuri əsəbləşib dedi ki, külqabını vuraram başına - İmtahan serialının qəhrəmanı danışdı...

Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmovun Milli.Az-a müsahibəsi.

- Cavanşir, bu il sizə çox düşərli oldu. Yeni mövsümdən yeni serialla ekranlara qayıtdınız. Bir sözlə istər ekranlarda, istərsə də teatrda sükutu pozdunuz.

- Bəli, bu il mənə çox düşərli oldu. Rejissor Ramin Nəbiyev tərəfindən "İmtahan" serialına dəvət aldım. Hal-hazırda gözəl kollektivlə birlikdə bu serialda çəkilirəm. Professional aktyorlarla işləyəndə insana yeni ruh gəlir. Ramin Nəbiyev rejissor kimi aktyora sərbəstlik verməyi bacarır, onu sıxıb saxlamır. Teatrda da yeni tamaşaların məşqlərinə başlamışıq. İnşallah, tezliklə hazırlanan tamaşaların da premyeraları da baş tutacaq. Bir sözlə yaradıcılığımda çoxdandır yaranmış sükutu pozdum.

- "Qaynana" serialı ilə geniş tamaşaçılar tərəfindən tanındınız. Bu məşhurluq niyə uzunmüddətli olmadı?

- Çox aktyor seriallara öyrəşir, istəyir ki, gündə ekranlarda olsun. Gündəmdə olmamağıma görə heç vaxt üzülməmişəm. "Qaynana" serialı da o vaxtlar çox məşhur idi, bir çox gənc aktyorlar məhz bu serialdan tanındı.

- Müsahibələrinizdə hər zaman maddi vəziyyətinizdən ürək ağrısı ilə danışırsınız. Bir gün hər şeyin daha yaxşı olacağına inanırsınızmı?

- Bura qədər gəlib çıxmışamsa, deməli hər şey bundan da yaxşı olacaq. Mən həmişə sabaha ümidlə yaşamışam. Hətta sənətlə vidalaşmaq da istəmişəm, amma fikrimdən dönmüşəm. Həmişə problem yaşayanda fikirləşmişəm ki, niyə mən bu sənəti seçdim? Sonradan özümü toparlamışam. Peşmançılıq ötəri olub. Elə vaxt olub ki, evimə çörək pulu aparmağa belə pulum olmayıb, amma həmişə ümidlə yaşamışam. Problemlər həmişə insanlar üçündür. Mənim anam da xəstədir, atam da. Anamın ayağında problemlər var, atamın gözləri yaxşı görmür. Çalışıram ki, evi yaxşı dolandırım, kirayə pulunu vaxtı-vaxtında verim. Buna görə də təkcə aktyor kimi teatrla dolanmaq mümkün deyil. Aktyorun əsas qazanc yeri seriallardır.

- Seriala dəvət alarkən qonorarı siz təklif edirsiniz, yoxsa rejissor?

- Xeyr, bu işlə rejissor yaxud prodüser məşğul olur. Nə təklif edirlərsə çox vaxt onunla razılaşıram.

- İmtina etdiyiniz obrazlar olubmu?

- Hələ ki, imtina etdiyim obraz olmayıb. Əksinə mənə söz veriblər ki, səni çəkəcəyik, sonradan görmüşəm ki, başqa adamı çəkirlər.

- Bildiyim qədərilə siz Yaşar Nurinin də yaxın qohumusunuz. Onunla bağlı hansı xatirələriniz var?

- Bəli, Yaşar Nuri mənim qohumumdur. Aktyor Nicat Rəhimov isə mənim doğma əmim oğludur. Yaşar Nuri məni universitetə hazırlaşdıranda dedi ki, hər tələbəmə demirəm, amma təkcə sənə deyirəm ki, səndən aktyor olacaq. Onun bu sözləri hələ də qulağımdadır. Mənə bu sənətdə ilk xeyir-duanı o verib. Mən heç vaxt onun adından istifadə etməmişəm. Məni aktyor kimi evində hazırlaşdırırdı. Bəzən əsəbləşəndə deyirdi ki, külqabını götürüb vuraram başına (gülür). Mənə ata kimi ərk edib bu sözləri deyirdi.

- Nicat çox tanınmış aktyordur. "Bozbaş pictures"də çəkilir. Sizi niyə seriallara cəlb etmir?

- Mən heç vaxt kiməsə demərəm ki, gəl məni də çək. Əmim oğlu da olsa heç vaxt ağız açmamışam. Fikirləşmişəm ki, özü məsləhət bilsə, çağırar. Özü də hələ ki, məsləhət bilməyib. Bir-iki dəfə deyib, amma ortalıqda hələ ki, heç bir şey yoxdur. Mən də heçnə deməmişəm.

- "Bozbaş pictures"də çəkilmək istərdiniz?

- Əslində orda maraqlı bir obraz yarada bilərdim, nəzərimdə də var idi. Amma nə edək ki, dəvət yoxdur. Yenə də hər bir kəsə uğurlar arzu edirəm.

- Olmaya aranızdakı qohumluq münasibətləri soyuyub?

- Xeyr, münasibətlər soyuq deyil. Fikirləşirdim ki, əl-ələ verib ikimiz də bir komediya verilişi ərsəyə gətirərik. Hələ ki, ondan mənə bir dəstək gəlməyib. Mən özüm də o təklifi gözləmişəm.

- Fikirləşirsinizmi, bu günkü gündə istedadınızdan tam istifadə olunmur?

- Bəlkə də başqa ölkədə olsaydım, çox çəkilərdim. Bizim ölkədə bir bəla var ki, kimin İnstagram-da izləyicisi çoxdursa onu ekran işlərinə cəlb edirlər. Rejissor öz maraqlarını güdür. Bir sözlə peşəkar sənətkar qalır kənarda, ancaq internetlə məşhurlaşanları filmə çəkirlər. Bir iki filmdə çəkilirlər, özlərinə aktyor deyirlər. Mən bəzən özümə "aktyor" deməyə utanıram. Hərdən də elə şeylər görürəm ki, deyirəm ki, yox elə mən aktyoram. Kimsə bu gün özünə aktyor deyirsə, bəs Səməndər Rzayev, Yaşar Nuri kim idi? Aktyor 15-20 il eyni ampulada qala bilməz. Bəzən baxırsan ki, 15 filmə çəkilib, 15-də də eyni şeyi yaradıb. Mən ona aktyor demirəm. Yaşar Nurinin heç bir filmi bir-birinə bənzəmirdi. Hər biri ayrı-ayrılıqda bir xarakter idi.

- Bu qədər problemlərə baxmayaraq, yenə də üzünüz gülür. Bəlkə bundan irəli gəlir ki, sizi daha çox komik rollarda görürük.

- Həyatda deyib-gülən insanam deyə məni daha çox komik rollara dəvət edirlər. Deyirlər gülən adamın dərdi çox böyükdür. Bəli, mən bunu çox yoxlamışam. Mən özüm də bəzən komik rollardan qaçmaq istəmişəm. İstərdim ki, daha çox psixoloji rollar oynayım.

Əli Rəhimoğlu